Araz çayının yeni qolu vasitəsilə yeni suvarılan torpaqların istifadəyə verilməsi ilə əlaqədar birinci mərhələ üzrə torpaq məcralı paylayıcı kanallarda su itkisinə qarşı mübarizə tədbirləri aparılacaq.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bununla bağlı hazırlıqlara başlanılıb.

Agentliyin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti torpaq məcralı paylayıcı kanallarda su itkisinə qarşı mübarizə tədbirlərini həyata keçirəcək şirkət axtarışındadır. 

ADSEA layihənin 23 milyon 181 min manata başa gələcəyini proqnozlaşdırıb.

Xatırladaq ki, İmişli, Biləsuvar və Saatlı rayonlarında yeni suvarılan torpaq sahələrinin istifadəyə verilməsi məqsədilə 2017-ci ildə İmişlidə mənbəyi Araz çayı olmaqla ümumi uzunluğu 54,2 kilometr olan dəmir-beton üzlüklü yeni kanalın hidroqurğularla birlikdə tikintisinə başlanılıb və 2018-ci ildə inşaat işləri başa çatıb. Kanalın tikilməsində məqsəd suyun yeni qoldan götürülməklə paylayıcı kanallar vasitəsi ilə İmişli, Biləsuvar və Saatlı rayonlarının, ümumilikdə, 52 min 638 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etməkdir.