“Korrupsiyaya qarşı mübarizə” və “Etik davranış qaydaları” mövzularında iştirak edən ADRA əməkdaşlarına sertifikatlar təqdim edilib.

İqtisadiyyat.az xəbər verir ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) üzrə icrasına dair 2023-cü il üçün iş planının icrası məqsədilə Agentliyin bir qrup əməkdaşına təlimlər keçirilib. “Korrupsiyaya qarşı mübarizə” və “Etik davranış qaydaları” mövzularındakı təlimləri Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev və “MG Consulting” şirkətinin eksperti Rəna Səfərəliyeva aparıblar. 

Təlimlərin keçirilməsində məqsəd dövlət orqanlarına etimadın möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılması, şəffaflığın və səmərəliliyin təmin edilməsidir. Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı keçirilən təlimdə Agentlik müfəttişlərinin sahibkarlarla ünsiyyət zamanı münasibətlərin düzgün tənzimlənməsi, etik davranış qaydalarına əməl olunması, vicdanlı və mədəni davranış, həmçinin təmsil etdiyi orqanın statusundan, vəzifə salahiyyətlərindən sui istifadə etməklə qanunsuz olaraq atılan addımlar müzakirə edilib, şəffaflığın təminatında effektiv nəticənin əldə olunması, doğru ünsiyyətqurma bacarığı yolları göstərilib. 

Agentlik işçilərində antikorrupsiya davranış modelinin formalaşması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılması məqsədilə antikorrupsiya davranış modeli formalaşdırılıb, sahəvi korrupsiya riskləri nəzərə alınmaqla həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib. Açıq məkanda reklamları olan sahibkarlarla yerlərdə görüşlərin keçirilməsi, onlara xüsusi hazırlanmış maarifləndirici bukletlərin paylanılması qərara alınıb. Təlimin Agentlik üzrə daha geniş kütləyə çatdırılması məqsədilə birbaşa iştirak etməyən əməkdaşların da təlim materiallarından faydalanması üçün qurumun daxilində də təlimçilər yetişdirilib. 

“Təlimçilər üçün təlimdə” iştirak edən 7 ADRA əməkdaşına sertifikatlar təqdim olunub. Təlimlərin gələcəkdə də mütəmadi olaraq təşkil edilməsi planlaşdırılır.