Adı Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinə saxta sənədlər təqdim edilməklə külli miqdarda kredit götürməkdə hallanan “Gemza Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcu yaranıb.

İqtisadiyyat.az xəbər verir ki, şirkətin dövlət qarşısında hazırda vergi borcunun miqdarı 56 633,27 manat təşkil edir.

Bununla yanaşı şirkətin nizamnamə kapitalı da artırılır. Məlumata görə, təsisçi Əliyev Zamin Nəcəf oğlunun əlavə mayanın qoyulması hesabına artırılaraq 400 manat məbləğdə müəyyən edilir. 2012-ci ildən fəaliyyət göstərən şirkətin hazırda nizamnamə kapitalı cəmi 40 manatdır. Nizamnamə kapitalının az olmasına baxmayaraq, şirkətin fəaliyyət istiqamətləri çoxşaxəlidir. “Gemza Group” ötən ilin sonlarında neft-qaz seqmenti üçün xüsusi kimyəvi maddələrin tədarükü üzrə ixtisaslaşmış “Novochem-Azerbaijan”ı da alıb.

Qeyd edək ki, şirkət vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində uçota alınıb. “Gemza Group” Azərbaycanda mühəndislik, satınalma və təmir xidmətləri göstərən yerli müəssisədir. O, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və bəzi Orta Asiya bazarlarında müştərilərlə işləyərək, öz müəssisəsində mexaniki avadanlıqlar üçün ehtiyat hissələri istehsal edir və təmir işləri aparır.

Xatırlatma üçün bildirək ki, 2021 və 2022-ci illərdə açıqlananan məlumata əsasən, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın “Gemza Group” MMC şirkətinə 13,6 milyon avroya qədər yüksək təminatlı kredit ayırıb.

2023-cü ilin may ayında Baş Prokurorluğun yaydığı məlumata əsasən isə, EBRD-nin Azərbaycandakı nümayəndəliyinə saxta sənədlər təqdim edilməklə həmin bankdan külli miqdarda kredit götürülməsi barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Araşdırma zamanı EBRD tərəfindən kredit ayrılması üçün zəruri olan maliyyə və təsərrüfat sənədlərinin saxtalaşdırılmasına və qanunsuz olaraq kredit götürülməsinə əsaslı şübhələr müəyyən edilən üç şirkətdən biri də “Gemza Group” olub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq olaraq 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə), 320.1 və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işinin başlanaraq ibtidai istintaqı aparılır.