Türkiyədə zəlzələ baş verən bölgələrdən biri olan Adanada axtarış-xilasetmə işləri başa çatıb.

İqtisadiyyat.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi sosial media hesablarındakı paylaşımında bildirib.

Nazir qeyd edib ki, bölgədə dağıntılar altından 34 vətəndaş çıxarılıb, 418 nəfər isə həlak olub.

Yaralıların tezliklə sağalmasını arzulayan nazir bildirib: “Zəlzələdən zərər çəkən bütün vətəndaşlarımız üçün var gücümüzlə işləməyə davam edəcəyik”.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan edilib.

Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən sonra 2724 afterşok qeydə alınıb. Hazırda zəlzələ bölgəsində 35 min 495 xilasedici olmaqla, 238 mindən çox personal fəaliyyət göstərir. Təbii fəlakətdən zərər çəkən 158 min 165 nəfər digər vilayətlərə təxliyə olunub.