Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağından İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə bir il ərzində 1,5 milyard kubmetrdən çox qaz və təxminən 580 min ton kondensat hasil edilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, “Abşeron”un mərhələli inkişafı, illik hasilatın 1,5 milyard kubmetrdən 6 milyard kubmetrədək çatdırılması ilə bağlı planlar ölkəmizin, eləcə də regional və avropalı tərəfdaşların enerji təhlükəsizliyinə mühüm töhfədir.

Qeyd edək ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.