ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələri Avstraliya, Bəhreyn, Kanada, Danimarka, Hollandiya, Yeni Zelandiya və Britaniya tərəfindən dəstəklənən qüvvələrlə birlikdə fevralın 24-də Səna vaxtı ilə təxminən səhər saat 11:50-də Yəməndə Husilərin 18 hədəfinə zərbələr endirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.

Məlumata görə, zərbələrin hədəfi Husilərin yeraltı silahları, raket anbarları, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri, radarlar və helikopterlər olub.

"Bu zərbələr Husilərin imkanlarını zəiflətmək və onların Qırmızı dəniz, Bab əl Məndeb boğazı və Ədən körfəzində beynəlxalq ticarət, ABŞ və Böyük Britaniya gəmilərinə qarşı davam edən ehtiyatsız və qanunsuz hücumlarını dayandırmaq üçün nəzərdə tutulub", - CENTCOM-un açıqlamasında deyilir.