Vaşinqton administrasiyası ABŞ və müttəfiqlərinin Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsində və onlardan Ukraynanın maraqlarına uyğun istifadəsində kollektiv şəkildə hərəkət etmələrini təmin etməyə çalışır. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən növbəti brifinqdə bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar tərəfdaşları və müttəfiqləri ilə Rusiyanın təcavüzünü ən yaxşı şəkildə necə dayandırmağı və Rusiyanın Ukraynaya dəymiş ziyanı ödəməsini təmin etməyi müzakirə etməyə davam edir: "Və bloklanmış suveren aktivlərin əhəmiyyətli bir hissəsi Birləşmiş Ştatlarda olmadığı üçün bir daha təkrar edirəm ki, bizim xarici tərəfdaşlarımızla tədbir görməyimiz kritik dərəcədə vacibdir. İndi diqqətimizi məhz buna yönəldirik".