Ötən həftə dəyər itirməsinə baxmayaraq neft bu gün səhər saatlarında bir qədər bahalaşıb.

Investing.com saytı xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 10:45-də “Brent” neftinin avqust fyuçerslərinin bir barelinin qiyməti 0,66 faiz artaraq 66,79 dollar təşkil edib.

WTI markalı neftin iyul fyuçersləri 0,66 faiz bahalaşıb və bir bareli 64 dollara satılıb.

Keçən həftə İran Prezidenti Həsən Ruhaninin ABŞ-ın Tehrana qarşı neft, bankçılıq və gəmiçilik sektorlarında tətbiq etdiyi sanksiyaları ləğv etməyə hazır olduğunu bildirməsindən sonra neftin qiyməti düşüb.

Lakin İran parlamentinin sədri mayın 23-də Tehranla BMT-nin nüvə komitəsi arasında 3 aylıq monitorinq müqaviləsinin bitdiyini və bu səbəbdən İranın bəzi nüvə obyektlərinə girişin bağlanacağını deyib. Avropalı diplomatlar ötən həftə bildiriblər ki, bu monitorinq müqaviləsinin uzadılmaması halında Vaşinqtonla Tehran arasında 2015-ci ilin nüvə sazişini bərpa etmək üçün aparılan dolayı danışıqlarda böhran yaranacaq. Bu danışıqlar bu həftə Vyanada baş tutmalıdır.

Xatırladaq ki, sabiq ABŞ prezidenti Donald Tramp 2018-ci ilin mayında ölkəsini birtərəfli şəkildə nüvə sazişindən çıxarıb və İrana qarşı sanksiyaları bərpa edib.report