ABŞ Konqresinin Nümayəndələr Palatası TikTok-un ölkədə qadağan edilməsinə yol açan qanun layihəsini "milli təhlükəsizliklə bağlı problem yaratdığı" səbəbilə qəbul edib və Senata göndərib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasında keçirilən səsvermədə 352 qanunverici "hə", 65-i isə "xeyr" səsi verib. 

 "Amerikalıların Xarici Düşmənlər Qanunu ilə Nəzarət Edilən Təcrübələrdən Qorunması" adlı qanun layihəsi TikTok-un Çin ana şirkəti ByteDance-dan şirkəti satmağı tələb edir, əks halda TikTok müvafiq tətbiq bazarlarında 5 ay və ya tamamilə qadağan ediləcək.

Respublikaçılar və Demokratların birgə səsləri ilə qəbul edilən qanun layihəsinin tərəfdarları Pekində yerləşən ByteDance şirkətinin TikTok vasitəsilə əldə etdiyi Amerika vətəndaşları haqqında məlumatın Çin administrasiyasına ötürüldüyünü iddia edirlər.

Qanun layihəsinə qarşı çıxan Konqres üzvləri TikTok-un məlumat toplayıb Çinə ötürməsi iddiasının sübuta ehtiyacı olduğunu və tətbiqin qadağan edilməsinin "ifadə azadlığının" məhdudlaşdırılması anlamına gələ biləcəyini iddia edirlər.

TikTok rəhbərliyi isə bu iddiaların həqiqəti əks etdirmədiyini və ABŞ-dəki digər sosial media platformaları kimi tamamilə Amerika qanunlarına uyğun fəaliyyət göstərdiyini iddia edir.

Qanun layihəsi Nümayəndələr Palatasında böyük səs çoxluğu ilə qəbul edildikdən sonra bütün gözlər layihənin göndərildiyi Senata çevrilib.

ABŞ prezidenti Co Bayden milli təhlükəsizlik həssaslığına görə qanun layihəsini onun masasına çatacağı təqdirdə imzalayacağını açıqlayıb.