Misir prezidenti Əbdülfəttah əs-Sisi ABŞ Konqresinin üzvlərindən ibarət nümayəndə heyəti ilə regional və beynəlxalq hadisələri müzakirə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Misir Prezidentinin Ofisindən bildirilib. 

Qeyd edilib ki, Misir prezidenti Sisi paytaxt Qahirədə ABŞ Konqresində Demokratlar və Respublikaçılardan ibarət yüksək səviyyəli nümayəndə heyəti ilə görüşüb.

Misir prezidenti və ABŞ Konqresinin üzvləri regional və beynəlxalq hadisələri, eləcə də iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi yollarını müzakirə ediblər.

İki ölkə rəsmiləri Rusiya-Ukrayna böhranı və onun iqtisadi fəsadları, Sudan, Liviya, Suriya böhranları və Fələstin məsələsi də daxil olmaqla bir çox mövzularda müzakirə aparıblar.

Görüş zamanı tərəflər böhran vəziyyətində olan dövlətlər üçün siyasi həll yollarının dövlətlərin birliyini, ərazi bütövlüyünü və xalqlarını qoruyacaq şəkildə sürətləndirilməsinin vacibliyi barədə razılığa gəliblər.

Prezident Sisi deyib: "Müvafiq beynəlxalq qətnamələrə uyğun olaraq Fələstin xalqının hüquqlarını və müstəqil Fələstin dövlətinin qurulmasını təmin edən ədalətli və hərtərəfli həllə nail olmaq üçün beynəlxalq səylər artırılmalıdır".

Bəyanatda Amerika nümayəndə heyətinin Qahirəyə səfərinin nə qədər davam edəcəyi ilə bağlı məlumat verilməyib.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez və ABŞ Senatının üzvü Lindsey Qrahamın da daxil olduğu nümayəndə heyəti ilə görüşdə Misirin xarici işlər naziri Samih Şükri də iştirak edib.