ABŞ bu həftə 30-dan çox Çin texnoloji şirkətinə, o cümlədən ölkənin ən böyük yaddaş çipi istehsalçısı YMTC-yə sanksiya tətbiq edəcək. Bu barədə Bloomberg məlumat yayıb.

Nəşr izah edir ki, tədarükçülərin ABŞ Ticarət Nazirliyi tərəfindən verilmiş xüsusi ixrac icazəsi olmadığı halda, qara siyahıya düşmək Amerika yarımkeçiricilərinin və mikrosxemlərin istehsalı üçün avadanlıqların alınmasına qadağa qoyulması deməkdir. Qeyd olunur ki, Co Bayden administrasiyasının bu cür hərəkətləri texnologiya sahəsində Çin-Amerika münaqişəsinin kəskinləşməsindən xəbər verir.

Oktyabr ayında ticarət departamenti 28 Çin texnoloji şirkətinin bütün dünyada ABŞ istehsalı olan yarımkeçirici çiplərə çıxışını məhdudlaşdırıb. Bundan əlavə, Ticarət Nazirliyi 31 ÇXR təşkilatını, o cümlədən YMTC-ni Amerika məhsullarının yoxlanılmamış idxalçıları (Unverified List, UVL) siyahısına daxil edib. Bloomberg xatırladır ki, 60 gün ərzində şirkətlər fəaliyyətlərinin ABŞ-ın milli təhlükəsizliyinə təhdid etmədiyini sübut etməli idilər.

Qeyd olunur ki, Pekin YMTC-nin sanksiyalar siyahısına daxil edilməsinin qarşısını almağa çalışıb.