Tibb müəssisələrinin fəaliyyətlərinin elektronlaşdırılması məqsədi daşıyan proqram təminatı vasitəsilə xəstəxanalara müraciət edən vətəndaşların onlayn qeydiyyatı aparılacaq.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Burada vətəndaşın müraciət etdiyi şöbələr, pasiyentə xidmət göstərən həkimlər, ona təyin olunan müayinə və müalicələr (ambulator və stasionar) barədə məlumatlar öz əksini tapacaq.

Həmçinin proqram təminatı vasitəsilə xəstəxanaya müraciət edən şəxsin sığortalı olub-olmamasını da müəyyən etmək mümkün olacaq.

Proqramda qeyd olunan diaqnozlar və laborator xidmətlərin elektron olması isə tibbi ekspertizanın aparılmasına imkan yaradacaq.

Qeyd edək ki, tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə xəstəxanalarda təlim keçirilir.