“Ümumtəhsil məktəblərində əyani tədris qismən bərpa olunub. Valideynlərin övladlarını koronavirusdan qorumaq üçün məktəbə göndərməmələri, narahatlıq keçirmələri təbii haldır”.
Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, heç bir valideyn uşağının COVID-19-a yoluxmasını istəmir:
“Amma bir neçə aydır pandemiya şəraitində yaşayırıq və bu, ömrümüzün bir hissəsinə çevirilib. Ömürlük distant təhsillə tədris də mümkün deyil. Əgər şərait imkan verirsə, biz əyani tədrisi bərpa etməliyik. Buna görə də dövlət qurumları, Nazirlər Kabineti yanında operativ qərargah bu prosesi izləyir və qərarlar qəbul edir”.
O əlavə edib ki, azyaşlılar xəstəliyi yüngül keçirir:
“Onlar arasında yoluxma halları baş versə də, əksər hallarda uşaqlar xəstəliyi simptomsuz keçirir və xəstələnmir. Bunu yüngül resperator infeksiya kimi keçirirlər. Uşaqlarda pnevmaniyanın baş verməsi nadir hallarda olur”.
“Uşağın piylənməsi, yanaşı xroniki ağır xəstəlikləri varsa, onların xəstələnməsi zamanı ağırlaşmaya rast gəlinə bilər. Bu uşaqlarla bağlı təşviş yaşana bilər. Lakin immun sistemi yaxşı olan və heç bir xroniki xəstəliyi olmayan uşaqların əskəriyyəti infeksiyanı fəsadsız keçirir. Uşaqlar özləri infeksiyanın mənbəyi kimi yaşlıları yoluxdura bilər. Bu, təhlükəli ola bilər”, - deyə Eyvazov əlavə edib.