“Son 2-3 gündə Bakıda və Abşeron yarımadasında gündüz 19-22, Aran rayonlarında 21-25, dağlıq ərazilərdə 18, Naxçıvan Muxtar Respublikasında 20-25 dərəcə isti müşahidə olunmaqdadır. Hazırda Bakıda müşahidə olunan temperatur iqlim normasından 2 dərəcə yüksəkdir”.
İqtisadiyyat.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, ötən illərdə oktyabr ayında isti hava şəraiti 1934-cü ildə müşahidə olunub:
"Ondan sonra nisbətən isti hava şəraiti 2002 və 2012-ci illərdə qeydə alınıb. Bu il oktyabrda ən yüksək temperatur ayın əvvəlində olub və 27.5 dərəcə istilik təşkil edib. Ondan sonrakı günlərdə temperatur 20-24 dərəcə arasında dəyişib. Oktyabr ayında bundan da yüksək temperatur müşahidə olunan illər olub. Məsələn, 2012-ci ildə Bakıda 32.7, 2013-cü ildə 31.6, hətta keçən il 28.8 dərəcə isti qeydə alınıb. Bu il oktyabrda müşahidə olunan temperatur ötən illərlə müqayisədə aşağıdır”.