Avropa ölkələrində və Amerika Birləşmiş Ştatlarında (ABŞ) COVID-19-a yoluxma hallarının müqayisəli statistikası aparılıb.
İqtisadiyyat.az bildirir ki, bununla bağlı report-a danışan Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev yaxın bir neçə gün ərzində Avropada koronavirusa yoluxma sayının ABŞ-dakı yoluxma sayını keçəcəyinin anonsunu verib.
O, son günlər virusun ölkələrdə yayılması ilə bağlı aparılan statistikaya əsasən bu qənaətə gəlindiyini bildirib:
"Elmi tədqiqatlara əsasən, hazırda virusla bağlı müəyyən ölkələrdə sabitlik, bəzi ölkələrdə isə yoluxma sayında artım müşahidə olunur. Bunun da səbəbləri mütəxəssislər tərəfindən müəyyənləşdirilib. Bu səbəblərdən biri son günlər yoluxma sayının artdığı ölkələrdə sərt karantin rejimindən çıxış zamanı, yəni yumşalmalar vaxtı virus daşıyıcıları olan qalıq xəstələrin nəzərə alınmamasıdır".
Tibb elmləri doktoru yumşalmalar zamanı virusun genişlənməsinə və yoluxma hallarının artmasına təsir edən digər amillərdən də danışıb. Onun sözlərinə görə, son günlər aparılan elmi tədqiqatlardan biri onu göstərir ki, restoran və kafelərə getmək virusun yayılma riskini 2 dəfə artırır:
"Həmin tədqiqata əsasən, hətta açıq havada fəaliyyət göstərən restoran və kafelər də virusun yayılmasında mühüm rol oynayır və ona görə də burada müştərilər risk qrupuna daxildirlər".
Azərbaycanlı alim kafe, restoran və çayxanaları ziyarət edən müştərilərə müraciət edib:
"Hər kəs bilməlidir ki, restoran və kafelərə getmək yoluxma sayını artıra bilər. Ona görə də düşünürəm ki, kafe və restoranları ziyarət etmək kütləvi yoluxma hallarının artımına səbəb olan faktor kimi dəyərləndirilməli və bu istiqamətdə də ictimai iaşə müəssisələrinə xüsusi tapşırıqlar verilməlidir. İnsanlar da maksimum dərəcədə ictimai iaşə müəssisələrini ziyarət etməkdən çəkinməlidirlər. Belə olduğu halda virusla mübarizə öz müsbət nəticəsini verər".