Son dövrlərdə peyvəndlərdən yayındırılan heyvanlarda xəstəliklər aşkarlana bilir. Təəssüf ki, hər il 5-6 baş heyvanda qara yara xəstəliyi aşkar olunur.

İqtisadiyyat.Az xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov  jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, bu xəstəlik kənardan gələn heyvanlarda müşahidə olunur:

“Onlar da nəzarətə götürülür, peyvəndlənir. Ümumiyyətlə, heyvan kəsilən zaman qan laxtalanmırsa, qara yaradan şübhələnmək lazımdır”.

R.Salmanov onu da əlavə edib ki, qara yara xəstəliyi insana yalnız heyvanlardan yox, torpaqdan da yoluxur:

“Heyvanlar vaxtında profilaktik peyvənd olunmalıdır ki, belə xəstəliklərə yoluxmalar olmasın. Qara yara xəstəliyi torpaqda 80, hətta 100 ilə qədər qala bilir. Heyvanların da qarayaraya yoluxması, əsasən yaz və payız aylarında olur. Yazda heyvan örüş-otlaq sahəsinə gedəndə ot az çıxır, otlayan zaman torpaqla daha çox təmasda olur. Heyvanda da hansısa cızıq olanda qara yaraya yoluxma ehtimalı daha tez yaranır. Lakin bir məqamı diqqətinizə çatdırım ki, əgər heyvan peyvəndlənibsə, ona qara yara virusunu iynə ilə belə vursan, heyvan qara yaraya yoluxa bilməz”.