Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, əvvəlcə nazirliyin inzibati binasında şəhidlərin xatirəsinə həsr edilmiş guşənin qarşısına əklil qoyulub və ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarını fəda etmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.
Sonra nazirlikdə Anım Günü – Milli Qürur Günümüzlə bağlı tədbir keçirilib.
Nazir Rəşad Nəbiyev çıxışında Prezident İlham Əliyevin 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Anım Günü kimi qeyd olunmasına dair sərəncamının şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisi olduğunu söyləyib. O, bildirib ki, bir il öncə qəhrəman ordumuz düşmənin növbəti təxribatını dəf etmək məqsədilə Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücuma keçdi. Bu hücum düşmənin diz çökməsi, 30 il ki işğal altında saxlanılan torpaqlarımızın azad olunması ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və ordusu Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Heç bir qələbənin asanlıqla əldə olunmadığı, torpaqlarımızın düşmən işğalından Vətən övladlarının qanları, canları bahasına azad edildiyi diqqətə çatdırılıb. Vətən müharibəsində nazirliyin və qurumlarının 210 əməkdaşının iştirak etdiyi, onlardan 6-nın şəhidlik zirvəsinə ucaldığı da qeyd olunub.
Tədbirdə, eyni zamanda cənab Prezident İlham Əliyevin şəhid ailələri ilə yanaşı, qazilərimizə göstərdiyi qayğı, onların reabilitasiyasına ayırdığı diqqət, eləcə də sosial məsələlərinin həlli istiqamətində apardığı işlər diqqətə çatdırılıb.
Sonda Vətən müharibəsinə həsr edilmiş qısa film nümayiş etdirilib.