Yanvar ayının ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkədə 'Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı'na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirlərinə başlayıb.
Hazırda Dövlət Baytarlıq Xidmətinin Lənkəran Rayon Baytarlıq İdarəsi iribuynuzlu, təkdırnaqlı heyvanlar arasında qarayara və ev itləri arasında quduzluq xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirlərini aparır. Bununla yanaşı, iribuynuzlu heyvanlardan bruselyoz xəstəliyinin müayinəsi məqsədilə qan nümunələri alınır. Tədbirlər yekunlaşdıqdan sonra ərazilərdə profilaktik dezinfeksiya işləri həyata keçirilir. İqtisadiyyat.az Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, rayonda iribuynuzlu, təkdırnaqlı heyvanlarda və donuzlarda qarayara xəstəliyinə qarşı aparılan tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur.
Aparılan tədbirlər çərçivəsində ilin əvvəlindən indiyə kimi Lənkəran rayonunun ayrı-ayrı şəxsi və fermer təsərrüfatlarında 29976 baş iribuynuzlu, 162 baş təkdırnaqlı heyvanda qarayara xəstəliyi əleyhinə peyvəndləmə tədbiri aparılıb, 281 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi alınıb və 800 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb.
Qeyd edək ki, Lənkəran Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən 2018-ci il ərzində 53503 baş iribuynuzlu, 22320 baş xırdabuynuzlu, 6000 baş cavan iribuynuzlu, 300 baş təkdırnaqlı heyvanlarda qarayara, 4000 baş qapı itlərində quduzluq, 8371 iribuynuzlu, 3100 xırdabuynuzlu heyvanda brusellyoz xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparılıb. Eləcə də həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin qarşısını almaq məqsədi ilə 9080 baş iribuynuzlu və 459 baş xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələri alınaraq müayinə edilib. Həmçinin başa vurduğumuz il ərzində rayonda 10700 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri icra olunub.
Epizootiya əleyhinə aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri qarayara, bruselyoz və “donuz qripi” xəstəlikləri barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsi, donuzların qapalı şəraitdə saxlanılması, heyvan saxlanılan tövlələrin girişində dezinfeksiya məqsədilə xüsusi yerlərin düzəldilməsi, donuzların yemləndirilməsi üçün kənardan gətirilən sənaye və ictimai iaşə tullantılarının qaynadılaraq heyvanlara verilməsi, təsərrüfatlarda dezinfeksiya və dezinseksiya işlərinin aparılması, təsərrüfatlara kənar şəxslərin girişinin qadağan edilməsi, heyvanlar arasında xəstəliyə şübhəli hal baş verdikdə dərhal yerli baytarlıq idarəsinə və ya Dövlət Baytarlıq Xidmətinə məlumat verilməsini tövsiyə ediblər.
Cari ilin epizootiya əleyhinə planında isə bundan sonra Lənkəran rayonunda ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələrinin aparılması nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti tərəfindən rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilatı tədbirləri davam etdirir.