Açıqlanan rəsmi statistikaya əsasən, dünyada bu günə qədər koronavirusa yoluxanların sayı 81 minə çatıb, 2.8 min nəfərin yoluxma halı ölümlə nəticələnib. Virus 2 ay ərzində 42 ölkədə yayılıb. Yoluxmaların ən yüksək konsentrasiyası Çində, Cənubi Koreyada, İtaliyada, Yaponiyada və İranda müşahidə olunur. ABŞ-dan sonra ikinci ən böyük iqtisadiyyata malik olan (dünya üzrə ÜDM-in 17%-i) Çin dünyada sənaye və istehlak mallarının istehsalı üzrə komplektləşdirmə vasitələrinin ən böyük təchizatçısıdır. Aydındır ki, koronavirusun yayılması bütün qlobal iqtisadiyyata mənfi təsir göstərir, amma bundan ən çox zərər çəkən Çin iqtisadiyyatı olacaq.
Mövzu ilə bağlı Maliyyə və investisiya üzrə ekspert Rəşad Hacıyev İqtisadiyyat.az-a açıqlamasında bildirdi ki, yaranmış vəziyyətə tezliklə çıxış yolu tapılmasa nəticələri daha ciddi olacaq.
"Bununla əlaqədar, qlobal maliyyə bazarlarında sarsıntı davam edir. Məsələn, son 3 - 4 gün ərzində ABŞ-ın aparıcı fond indekslərinin (S&P500, Dow Jones Industrial Average) dəyəri təxminən 8% azalıb, Avropa “mavi fişkalar” indeksi isə (EURO STOXX 50) 7%-dən çox itkiyə məruz qalıb. Bu halda, Çinin əsas fond indeksi (Shanghai Composite) kifayət qədər sabitdir və analoji dövr üçün praktik olaraq dəyişməyib. Eyni zamanda “sakit liman” rolu oynayan qiymətli metallar, xüsusən qızıl və gümüş xeyli bahalaşıb. Hazırda qızılın bir troya unsiyasının qiyməti 1650-1660 ABŞ dolları, gümüşün bir troya unsiyasının qiyməti 18.00-18.25 ABŞ dolları həddində dəyişir. Əslində, qiymətli metalların dəyərinin artması prosesi hələ 2018-ci ilin sonunda - ABŞ Federal Ehtiyatlar Bankı tərəfindən pul siyasətinin yumşaldılması və təkrar maliyyələşdirmə dərəcəsinin azaldılması ilə eyni vaxtda başlanıb. Federal Ehtiyatlar Bankı təkrar maliyyələşdirmə dərəcəsinin azaldılmasının səbəbini göstərməsə də aşkardır ki, bunun səbəbi ABŞ-ın büdcə kəsirinin və dövlət borcunun sürətlə artması idi. 2019-cu ilin yekunlarına görə ABŞ-ın büdcə kəsiri 1.1 trilyon ABŞ dollarına, dövlət borcunun məbləği isə müvafiq surətdə 23.2 trilyon ABŞ dollarına bərabər olub. Qlobal iqtisadiyyatın artım sürətinin zəifləməsi ABŞ Federal Ehtiyat Bankının təkrar maliyyələşdirmə dərəcəsini yenidən azaltmasına və pul siyasətinin yumşaldılmasını daha aqressiv formada həyata keçirməsinə əsas verəcək. Bu da öz növbəsində, 2020-ci ildə inflyasiyanın və qiymətli metalların dəyərinin daha da artmasına gətirib çıxaracaq.
Bununla da iqtisadi artım sürətinin azalması neft istehlakının daha kəskin azalmasına gətirib çıxaracaq. Məsələn, neftin ən böyük idxalatçısı olan Çin neft idxalını artıq 20% azaldıb. Bu trend cari ilin əvvəlindən Brent markalı neftin dəyərinin 20% düşməsi ilə nəticələnib. Hazırda Brent markalı neftin bir barelinin dəyəri kritik səviyyədə - 52-52.5 ABŞ dolları həddində dəyişir və artıq son 4 ilin dəstək xəttini aşağısında ticarət edilir – bu da neftin bir barelinin dəyərinin 35-40 ABŞ dollarınadək düşmə ehtimallarını kəskin artırır."
Hər halda, əgər koronavirus qlobal böhranın katalizatoru olarsa, bu vəziyyət xarici aləmlə sıx iqtisadi əlaqələrə malik olan Azərbaycandan da yan keçməyəcək, çünki Azərbaycanın iqtisadiyyatının əsasını karbohidrogenlərin və kənd təsərrüfatı məhsullarının ixracı, eləcə də turizm təşkil edir.
Məlum olduğu kimi, ölkəmizin büdcəsinə mədaxilin xeyli hissəsi neft və qaz ixracından əldə edilən gəlir hesabına formalaşır. Buna görə də karbohidrogenlərin qiymətinin əhəmiyyətli dərəcədə azalması ölkəmizin büdcəsinə mənfi təsir göstərəcək.
Azərbaycanın əsas ticarət tərəfdaşları qonşu ölkələrdən Rusiya, Türkiyə və İran, başqa böyük ticarət tərəfdaşları isə Çin, İtaliya və Almaniyadır. Sərhədlərin bağlanması və ya qonşu ölkələrlə ticarət əlaqələrinin məhdudlaşdırılması kənd təsərrüfatı məhsullarının ixracının əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq, bu isə bütövlükdə ölkəmizin kənd təsərrüfatı sahəsinə mənfi təsir göstərəcək. Eyni zamanda, Çindən sənaye məhsulları idxalının əvəz edilməsi çətin məsələdir, çünki rəqabətədavamlı alternativ yoxdur. Beləliklə, bu proseslər ölkəmizin ixrac - idxal əməliyyatlarının həcminin azalmasına səbəb olacaqdır.
Turizm də ölkə iqtisadiyyatının ayrılmaz tərkib hissəsidir. Azərbaycana gələn turistlərin əksəriyyəti Rusiya Federasiyasının, Ərəbistan yarımadası ölkələrinin, İranın və Qazaxıstanın vətəndaşlarıdır. Bu ölkələrdən Rusiya Federasiyası və Qazaxıstan Çinlə çox sıx ticari-iqtisadi əlaqələrə malik olan və onunla həmsərhəd dövlətlərdir. Müvafiq olaraq, regionda koronavirusun yayılması riski çox böyükdür. Ehtimal ki, bu risk turist axınının azalmasına gətirib çıxaracaq və deməli, ölkəmizin turizm sahəsinə də zərbə vuracaq. Turizmin azalması Azərbaycan aviaşirkətlərinin və nəqliyyat şirkətlərinin fəaliyyətinə də mənfi təsir edəcək. Əgər koronavirusun yayılma prosesi sürətlənərsə və ona qarşı mübarizənin səmərəli üsulu tapılmasa, qlobal böhran Azərbaycan üçün qaçılmaz olacaq. Nəticədə hər bir dövlət öz əhalisinin və öz iqtisadiyyatının təhlükəsizliyini təmin etmək üçün bu təhlükəyə qarşı mübarizənin ən səmərəli üsullarını axtarmalıdır. Bununla yanaşı nəzərə alaq ki, koronavirusun qlobal böhranın katalizatoru olacağını söyləmək hələ tezdir. Koronavirusdan dəyən zərər artıq danılmaz faktdır. Ancaq, məlum olduğu kimi, sürətlə yayılan mövsümi qrip hər il dünyada 3−5 milyon insanın ağır xəstəliyə tutulması və 290−650 min nəfərin ölümü ilə nəticələnir. Doğrudur, koronavirusdan ölənlərin sayı adi mövsümi qripin ölüm göstəricisindən yüksək deyil, lakin yeni virusun dünya kütləvi informasiya vasitələrində fəal müzakirəsi cəmiyyətdə təlaş hissi yaradır və praktik olaraq dünya iqtisadiyyatında ciddi böhrana yol açır.
Belə vəziyyətdə ümid edək ki, tezliklə koronavirusa qarşı mübarizənin səmərəli üsulu aşkar ediləcək və yaranmış vəziyyətdən çıxış yolu tapılacaq.