Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) nəzdində fəaliyyət göstərən Kiberhücumların Simulyasiyası Laboratoriyası tərəfindən elan edilən təcrübə proqramı yekunlaşıb.
Bu barədə İqtisadiyyat.az nazirliyə istinadən xəbər verir.
Təcrübə proqramının başa çatması ilə əlaqədar MHM rəhbərliyi və proqram iştirakçıları arasında görüş keçirilib. Görüşdə MHM-in direktor vəzifəsini müvəqqəti icra edən Elxan Əzizov, direktor müavini İnarə Vəliyeva, eləcə də qurumun İnformasiya təhlükəsizliyi şöbəsinin müdiri Sadiq Yolçuyev iştirak ediblər.
Gəncləri təbrik edən Elxan Əzizov əldə olunan bilik və bacarıqlara diqqət çəkərək təcrübə proqramının uğurlu karyera qurulmasında oynayacağı roldan danışıb. O qeyd edib ki, təcrübə proqramının tədris prioritetləri əmək bazarının tələbinə uyğun müəyyən edilib və proses bu istiqamətdə təşkil olunub.
İnarə Vəliyeva isə bildirib ki, müasir dövrdə kibertəhlükəsizlik cəmiyyətin bütün səviyyələrinə, həmçinin sənaye sahələrinə ciddi təsir edən strateji məsələdir. Kibertəhdidlərə qarşı çevik, operativ və effektiv mübarizənin prioritet olduğunu vurğulayan direktor müavini, gənclərə bu istiqamətdə biliklərini təkmilləşdirərək beynəlxalq sertifikatlar almalarını tövsiyə edib.
Daha sonra gənclər çıxış edərək proqram haqqında təəssüratlarını bölüşüb və yaradılan şəraitə görə MHM-in rəhbərliyinə, o cümlədən təcrübə zamanı onlara dəstək göstərən təlimçilərə minnətdarlıqlarını bildiriblər.
Sonda tələbələrə təcrübə proqramını bitirmələrinə dair diplomlar təqdim olunub.
Məlumat üçün bildirək ki, təcrübə proqramında iştirak edən 30 mütəxəssis iki ay ərzində təhlükəsizlik platformalarının (SIEM) araşdırılması, qurulması, təhdidlərin monitorinqinin həyata keçirilməsi, kiberhücumların təşkil edilməsi, boşluqların aşkarlanması və aradan qaldırılması üçün hesabatın yaradılması istiqamətində müvafiq bilik və bacarıqlara yiyələniblər.
Qeyd edək ki, təcrübə proqramını uğurla bitirən və kibertəhlükəsizlik üzrə yüksək bilik və bacarıqlar qazanan iştirakçılar işlə təmin olunacaqlar.