"Qlobal şokların təsiri altında Azərbaycanda cari əməliyyatlar hesabında və kapital və maliyyə hesabında kəsir yaranarsa, ehtiyat aktivlərin həcmi imkan verəcək ki, kəsirin maliyyələşməsi həyata keçirilsin". 

Bunu Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
O, "Onsuz da, həm qlobal, həm də milli səviyyədə iqtisadiyyatlar itkiyə məruz qalacaqlar" deyərək sözlərinə belə davam edib:

"Əsas məsələ itkini minimallaşdırmaq, xarici borcu nəzarətdə saxlamaq və post-korona dövrünə daha yaxşı hazırlaşmaqdır. Bir məsələ də var ki, Azərbaycanda təklifin artım sürətinin yavaşıması biznes dövrü ilə deyil, xarici şoklarla bağlıdır. Deməli, xarici şokların təsiri kulminasiya nöqtəsinə çatıb səngiməyə başlayanda, Azərbaycan iqtisadiyyatı da öz biznes dövrünə uyğun inkişafını bərpa edəcək. Hansı ki, qlobal iqtisadiyyatda hətta koronaböhrandan əvvəl də artım tempi yavaşlayırdı".