Instagram-ın rəhbəri Adam Mosseri fotoservis daxilində ödənişli abunəliklər funksiyasının istifadəyə verildiyini elan edib. Beləliklə öz kontentlərinin əlavə monetizasiyası üçün nəzərdə tutulmuş bu imkanı əldə etmiş istifadəçilərin hesablarında Subscriber Home adlı yeni bölmə istifadəyə verilib.
Bu və ya digər istifadəçinin eksklüziv kontentlərinə abunə olmuş istifadəçi məhz sözügedən bölməyə daxil olmaqla həmin kontentləri izləyə biləcək. Qeyd etmək lazımdır ki, həmin bölməyə yalnız ödənişli abunəlikdən istifadə edən istifadəçilər daxil ola bilərlər. Aylıq ödənişli abunəliyin qiymətini isə kontent yaradıcısı özü təyin edəcək. Bu, aylıq 0.99$-99.99$ ola bilər.
Nəticədə ödənilən qiymətdən asılı olmayaraq aylıq ödənişli abunəlikdən istifadə edən istifadəçinin adı qarşısında bənövşəyi rəngdə işarə əks olunacaq. Həmin işarə istifadəçinin bu və ya digər kontent yaradıcısına aylıq ödəniş əsaslı abunə olduğunu göstərəcək. Kontent yaradıcıları öz növbələrində aylıq ödəniş əsaslı abunəliyə qoşulmuş abunəçiləri üçün eksklüziv Stories-lər paylaşa, ana səhifədə adi kontentlər təqdim edə, yalnız ödəniş əsaslı qoşulmuş abunəçilər üçün canlı yayımlar təşkil edə və qrup çatlarında iştirak edə bilərlər. Qeyd etmək lazımdır ki, aylıq ödənişli abunəlik funksiyası bu ilin yanvar ayından test olunurdu.
Test müddəti çərçivəsində yeni funksiyadan yalnız 10 məşhur kontent yaradıcısı istifadə edə bilirdi. Hal hazırda bu yeni proqramın istifadə kütləsi genişlənir və Instagram rəhbərinin sözlərinə əsasən artıq bir neçə digər kontent yaradıcısı da aylıq ödənişli abunəlik sisteminə qoşulub. Yanvar ayında bu yeni proqram barəsində məlumat verilən zaman Instagram bildirmişdi ki, fotoservis kontent yaradıcılarının əldə edəcəkləri yekun vəsaitdən 2023-cü ilə kimi komissiya əldə etməyəcək. Lakin 2023-cü ildən başlayaraq komissiya haqqının nə qədər təşkil edəcəyi bilinmir.