Şəhər infrastrukturunun vacib problemlərindən biri də avtomobil parklanmasıdır. Yolkənarı parklanmalar nəqliyyatın hərəkətinə mane olmaqla yanaşı, uzunmüddətli saxlanc üçün də əlverişli yer hesab olunmur. Belə yerlərə isə əsasən paytaxtın mərkəzi hissələrində rast gəlinir. Xüsusən dar küçələrdə bu problem özünü daha qabarıq şəkildə büruzə verir. Əhalinin yerləşməsi üçün ən əlverişli üsul hündürmərtəbəli binalar olduğu kimi, deyəsən elə gündən-günə artan avtomobillərin də parklanmasının çarəsi iritutumlu binalardır. Bu binalara şəhərin bəzi yerlərində- “8-ci km bazarı”, “Nizami” metrostansiyası yaxınlığında və.s digər yerlərində rast gəlmək olar. Bəs, həmin iritutumlu parklanma məntəqələrinə ən çox ehtiyac duyulan yerlər haradır? Gələcəkdə onların tikintisi və çoxalması üçün hansı stimullaşdırıcı tədbirlər görülə bilər?

İqtisadiyyat.Az-ın bu suallarını şəhər nəqliyyatı üzrə ekspert, Hüseyn Abdullayev cavablandırıb. Onun sözlərinə görə, küçə parklanmasının ödənişli olması və güclü nəzarət gələcəkdə bu binaların tikintisinə marağın artmasına gətirib çıxaracaq.

“İritutumlu, 300-500 yerlik parkinq binalarının sayının artması üçün küçə parkinqləri pullu və nəzarət güclü olmalıdır. Küçə parkinqlərində ödəniş küçədənkənar prkinqlərdən baha olsa, iş adamlarında iritutumlu binalara marağı çoxaldacaq. Belə deyək ki, küçədə bir saatdan artıq maşın saxlayacaqsınızsa bu baha başa gəlir və ona görə də küçədənkənar parkinqlərə üz tutursunuz. Bu səbəbdən də böyük parkinq binalarının tikilməsi üçün ən böyük stimul budur. Həmçinin şəhərin baş planında da həmin binalara daha çox ehtiyac duyulan yerlər qeyd olunmalıdır. Onların əsas tikiləcəyi yerlər şəhərin parklanma baxımından ən çox xaos yaşanan əraziləridir. Məsələn, “8-ci km bazarı”nın qarşısında həmin iritutumlu parklanma məntəqəsi tikilsə də, həmin binaya üz tuan çox azdır”.

Ekspert, paytaxtın “Xətai” metrostansiyası yaxınlığında 300-500 yerlik avtomobil parklanma məntəqəsi tikilməsinin lazım olduğunu bildirib: “Elə ola bilər ki, bütün iş adamları parklanma məntəqələri tikmək qərarına gələr. Ancaq buna da imkan vermək olmaz. Şəhərsalma orqanları ayırd etməlidir ki, harada parkinq binalarına ehtiyac var. Ona görə də kim harada parklanma binası tikmək istəyəcəksə, buna şəhərsalma orqanları icazə verə və ya verməyə bilər. “Xətai” metrostansiyasının yaxınlığında isə boş qalan ərazidə Xocalı muzeyi tikiləcəyi deyilir. Təklif edirəm ki, muzeyin altında 300-500 yerlik avtomobil parklanma məntəqəsi tikilsin. Ən azından şəhərin bu hissəsinin parklanma problemi aradan qalxar”.

 

Mehman Nəbiyev