Son illər Lənkəran rayonunda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın inkişafı istiqamətində ardıcıl tədbirlər görülür.
Rayonda baramaçılığın yem bazasını möhkəmləndirmək məqsədilə Çin Xalq Respublikasından gətirilərək kümçülərə paylanılmış tut tinglərinin əkilməsinə, vaxtında suvarılmasına və aqrotexniki qulluğuna ciddi nəzarət olunaraq, məhsuldar tut bağları salınıb. Son dörd ildə rayonda 141 min 200 ədəd tut tingi əkilib.
Bu il rayonda 45 kümçüyə ipəkqurdu toxumu paylanılıb. İpəkqurdunun normal bəslənməsindən ötrü təsərrüfatlarda kümçülər tərəfindən yardımçı binalar, sığınacaqlar ayrılıb. Böyük zəhmət bahasına yaradılmış bu şərait ipəkqurdunun normal inkişafına və vaxtında bol məhsulun yetişməsinə tam təminat verir.
Rayonda təcrübəli kümçülərdən və ixtisaslı mütəxəssislərdən ibarət işçi qrupunun üzvləri tez-tez təsərrüfatlarda olur, təcrübə mübadiləsi aparır və vəziyyətlə yerindəcə tanış olaraq kümçülərə lazımi tövsiyələrini verirlər.
Bu il Lənkəranda 10 ton barama məhsulunun tədarükü proqnozlaşdırılır. Rayonda bu sahədə böyük təcrübəyə malik Liman şəhər, İstisu qəsəbə, Şilavar, Şağlaser, Göyşaban, Vilvan, Zövlə, Səpnəkəran və digər kəndlərdə fəaliyyət göstərən təsərrüfatlarda mütəxəssis rəylərini nəzərə alaraq həyata keçirilən səmərəli işlər kümçülərin əvvəlki illərdə olduğu kimi, bu il də yüksəkkeyfiyyətli məhsul əldə edəcəklərinə əminlik yaradır.
Qeyd edək ki, ötən il Lənkəranda 8 ton barama tədarük olunub. Respublika üzrə bir qutu ipəkqurdundan götürülən ən yüksək məhsuldarlıq Lənkəranda olub.(Fins.az)