“Baktelecom” Yasamal rayonu, 2-ci Alatava yaşayış massivində iki gün ərzində internetin olmaması faktına münasibət bildirib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Baktelecom”un tabeliyindəki 1 saylı rabitə xidmətləri mərkəzi, ATS 430/431-in xidməti ərazisinə daxil olan Yasamal rayonu, 2-ci Alatava yaşayış massivində 100 nömrə tutumlu bölüşdürücü xətdə qəza vəziyyəti qeydə alınıb:
“Bu səbəbdən abunəçilərə göstərilən rabitə xidmətlərində yarana biləcək kəsintilərin və nasazlıqların qarşısının alınması üçün ölçü qrupumuz tərəfindən müəyyənləşdirilmiş zədəli kabelin dəyişdirilməsi və yenilənməsi prosesi icra edilməlidir. Bu məqsədlə tərəfimizdən həmin bölüşdürücü xətt üzərindən xidmət alan abunəçilərə mayın 20-də günün müəyyən saatlarında rabitə xidmətlərində fasilələrin meydana gələcəyi haqda xəbərdarlıq zəngləri edilib”.
“İşçi briqadalarımız qeyd olunan tarixdə operativ qaydada qəza vəziyyətinin aradan qaldırılması və abunəçilərə göstərilən telekommunikasiya xidmətlərinin qısa zamanda bərpa olunması ilə bağlı təlimatlandırılıblar”, - deyə, “Baktelecom”dan qeyd olunub.