Xəbər verildiyi kimi, Azərbaycan hökuməti pandemiya səbəbindən 2020-ci ilin dövlət büdcəsinə yenidən baxmağı qərara alıb.
Dəyişikliyən səbəbi büdcənin gəlirlərinin azalması və bəzi sahələrdə əlavə xərclərə ehtiyac yaranmasıdır. Nəticədə hökumət Dövlət Neft Fondundan əlavə vəsait götürməklə problemi həll etmək niyyətindədir.

Dəyişiklik səbəbindən bəzi sahələrin xərcləri artırılacaq.

Hökumətdən bildirilibki, əlavə xərclər ölkənin    müdafiə    qabiliyyətinin    və    milli    təhlükəsizliyinin    daha    da    artırılması, əhalinin həssas qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət dəstəyinin göstərilməsi, səhiyyə sahəsində ortaya çıxan əlavə tələbatların ödənilməsi üçün lazımdır. Hesablamalar göstərib ki, pandemiyanın təsirləri də nəzərə alınmaqla, ümumilikdə əlavə 1 371,5 milyon manata ehtiyac var. Bu pullar aşağıdakı kimi bölüşdürüləcək.

- 465 milyon manat - ölkənin   müdafiə   qabiliyyətinin   və   milli   təhlükəsizliyinin   daha   da   artırılması, pandemiyaya  qarşı  mübarizə  ilə  bağlı  əvvəlcədən  proqnozlaşdırılması  mümkün  olmayan əlavə xərclərin örtülməsi və digər zəruri xərclərin maliyyə təminatı üçün yaradılmış ehtiyat vəsait;

- 369 milyon manat - səhiyyə sahəsi üzrə əlavə tələbatın ödənilməsi üçün ayrılacaq. Bu pullar koronavirusa görə həkimlərə əlavələrin verilməsinə, zəruri tibb ləvazimat və avadanlıqlarının alınmasına, karantində olan şəxslərə xidmətə, koronaviruslu xəstələrin müalicə edildiyi Tədris Cərrahiyyə Klinikasının və Tədris Terapevtik Klinikasının, Mərkəzi Neftçilər Xəstəxanasının, yeni tikilən modul tipli xəstəxanaların saxlanılmasına xərclənəcək.

- 238 milyon manat - pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsinə xərclənəcək.

- 136,6 milyon manat - pandemiya ilə əlaqədar dövlət şirkətlərinə maliyyə dəstəyinin davam etdirilməsinə sərf ediləcək.

- 100 milyon manat - pandemiya ilə əlaqədar iqtisadi dəstək üzrə tədbirlərin maliyyə təminatı, o cümlədən sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin davam etdirilməsi üçün ayrılacaq.

- 37,3 milyon manat – bu il bir sıra təşkilatlar üzrə artırılmış əmək haqlarının maliyyə təminatı və boş vəzifələrin tutulmasına xərclənəcək. Söhbət Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi, Daxili  Qoşunların  Baş  İdarəsi,  Əmək  və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun aidiyyəti qurumları və s.-dən gedir.

- bəzi təşkilatların maddi-texniki təminatının möhkəmləndirilməsi, hərbiçilərə ev kirayəsi haqqının ödənilməsi və digər zəruri xərclərin maliyyə təminatı üçün 9,1 milyon manat ayrılacaq.

- 7 milyon manati – «ASAN xidmət» üzrə elektron hökümətin tətbiqinin maliyyə təminatı üçün sərf ediləcək.

- 2,8 milyon manat - pandemiya dövründə ölkəyə xaricdən gələn Azərbaycan vətəndaşlarının sərhəddəki səyyar düşərgələrdə karantindən keçmələri üçün ayrılacaq;

-   6,7 milyon manat - biometrik pasport blanklarının və yeni nəsil şəxsiyyət vəsiqələrinin çap edilməsi ilə bağlı əlavə vəsaitin yönəldilməsi proqnozlaşdırılır.

Bütün  bunlar  nəzərə  alınmaqla  2020-ci  il  dövlət  büdcəsinin  dürüstləşdirilmiş  xərcləri

27 492,2 milyon manat təşkil edəcək. Bu da təsdiq edilmiş göstəriciyə nisbətən 597,5 milyon manat və ya 2,2 faiz artıqdır.FED.az