Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkənin aqrar sektorunun inkişafına göstərilən qayğı və dəstək kənd təsərrüfatının bütün sahələrində və kənd əməkçilərinin sosial həyatında öz müsbət töhfələrini verməkdədir.
Azərbaycan Sənaye Korporasiyasından verilən məlumata görə, dövlət başçısının ölkədə ipəkçiliyin inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq, respublikada ipək istehsalının müasir infrastrukturunun yaradılması, baramaçıiığln yem bazasının möhkəmləndirilməsi, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Respublikamızda ixracyönümlü sahə olan baramaçılığın kənd yerlərində məşğulluğun təmin edilməsində mühüm rol oynaması nəzərə alınaraq bölgələrdə bu sahənin inkişafına böyük önəm verilir.
Ölkəmizdə ipəkçiliklə məşğul olan yeganə müəssisə sayılan “Azəripək” MMC tərəfindən bu il respublikanın 40 rayonu üzrə 5500-dən artıq kümçü ilə müqavilə bağlanılıb. Hazırda bölgələrdə tut ipəkqurdlarının bəslənilməsi prosesi davam edir və artıq bütün rayonlarda yaş barama məhsulunun tədarükünə başlanılıb. Məntəqələrdə yaş baramanın qəbulu Kənd Təsərrüfatı Nazirliyi və “Azəripək” MMC-nin tədarük üzrə mütəxəssislərinin iştirakı ilə həyata keçirilir. Müəssisədən verilmiş operativ məlumatlara əsasən mövsümün ilk günündən kümçülər tərəfindən qəbul məntəqələrinə 88674.65 kiloqram yaş barama təhvil verilib. Hal-hazırda barama tədarükü davam etdirilir.