Azərbaycanda vergi sahəsində aparılmış islahatlar nəticəsində həyat yaşam sığortası üzrə sığorta haqlarının azalmasına baxmayaraq, qeyri-həyat sığortası üzrə həm könüllü (2% və ya 2,4 mln. manat), həm də icbari sığorta növlərində (8% və ya 8 mln. manat) artım müşahidə edilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) verdiyi məlumata görə, belə ki, cari ilin yanvar-iyul aylarında qeyri-həyat sığortası növündə tibbi sığorta üzrə 16%-lik (9,6 mln. manat) artım olub ki, bu da əsasən korporativ müştərilər tərəfindən tibbi sığorta məhsuluna tələbin artması ilə əlaqədardır.
“Qeyri-həyat sığorta növləri üzrə əsas drayver olan icbari avtomobil sığortası ilə bağlı Palata və İcbari Sığorta Bürosunun (İSB) əməkdaşlığı nəticəsində tam avtomatlaşdırma təmin edilib. Sığorta müqavilələrinin elektronlaşdırılması nəticəsində təxminən 100%-lik penetrasiya əldə edilib. Hadisələrin idarə edilməsi sistemi formalaşdırılıb ki, bu da “Forma 4” sənədinin elektron qaydada əldə edilməsinə imkan yaradır. Məhz görülmüş bu tədbirlər nəticəsində avtonəqliyyat vasitələrinin sığortası üzrə 29% (4,4 mln. manat), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə isə 6%-lik (3,1 mln. manat) artım müşahidə olunub”, - deyə MBNP-nin məlumatında deyilir.
Ötən ilin analoji dövrü ilə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərdə 8 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5,4 mln. manat artım, tibbi sığortada isə 5,2 mln. manat azalma baş verib. Bu növlər üzrə ödənişlər müvafiq dövr ərzində hadisənin baş vermə intensivliyindən asılı olaraq dəyişib.