Bu ilin yanvar ayında Azərbaycanda “Twitter” istifadəçilərinin fəallığı ötən ilin dekabr ayı ilə müqayisədə 19,6 faiz bəndi artıb.
İqtisadiyyat.az-ın "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, fevralın 1-nə "Twitter"in Azərbaycanın sosial media bazarında payı 25,2% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 12 faiz bəndi çoxdur. Populyarlığına görə "Twitter" ölkənin sosial media bazarında ilk dəfə olaraq birinci yeri tutub.
Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Facebook" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı bu ilin yanvar ayı ərzində 0,23 faiz bəndi (ötən ilin dekabr ayı ilə müqayisədə) azalıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin fevral ayının 1-nə 20,3% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təqribən 18,5 faiz bəndi azdır.
Bu ilin yanvar ayı ərzində ölkə üzrə "Instagram" şəbəkəsinin istifadəçilərinin fəallığı 4,6 faiz bəndi azalıb. Fevralın 1-nə olan məlumata görə, "Instagram" Azərbaycan sosial media bazarında 20,1% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,26 faiz bəndi çoxdur.
Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "YouTube" – 19,3, "Pinterest" – 13,9, "VKontakte" – 0,45%, "Reddit" – 0,35%, və s.