Atlar dünyanın ən gözəl və yaraşıqlı heyvanı hesab olunur. Atlar da itlər kimi sadiqliyi və digərlərinə nisbətən ağıllı, iradəli olmaları ilə insanın gözündə daha da qiymətlidir. Dünyada bəzi atların qiyməti 110 milyon avronu ötür. Bəs Azərbaycanda yetişdirilən ən bahalı atın qiyməti neçiyədir?
Dünyada hazırda 265 at növ var ki, onun da 2-si Azərbaycandadır. Bunlardan biri Qarabağ, digəri isə Dilbaz atıdır. Hazırda “Qarabağ Atçılıq Zavodu” MMC-də 245 baş Qarabağ cinsindən olan at saxlanılır. Onların 6 başı törədicisi ayğır, 60 başı ana madyan damazlıq, 61 başı bu il alınmış bala, qalanları az və orta yaşlı dişi və erkək atlardır.
Ağcabədi rayonunda yerləşən və vaxtilə Ağdam rayonunun Eyvazxanlı kəndindəki atcılıq zavodunun əsasında yaradılan MMC-nin direktoru Maarif Hüseynov deyir ki, Azərbaycanda ən bahalı atlar Qarabağ cinsindən olanlardır. Belə ki, bu cinslərdən ən qiymətlisi “Şan”, “Şəfran", "Armud" və “Ariston” adlı ayğır atlardır.
“Bu atlar bizim üçün qiymətsizdir. Satışa çıxarılsa, hər biri ən azı 50-60 min manata alınar. Hazırda Azərbaycandan dünya bazarına at çıxarılmır, amma Almaniya, Fransa, Böyük Britaniya kimi ölkələrə ixrac nəzərdə tutulub. İldə təxminən 25 baş at satıla bilər. Qarabağ atı digər atlardan görünüşə görə də fərqlidir. Onların rəngi qızılı kürən olur, alnında qaşqası və gözəl nişanələri var”.