İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 10000 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, sözügedən şirkət daha əvvəl digər inzibati xəta törətdiyinə görə cərimələnmişdir.

Məlumat üçün bildirək ki, 1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil edir, dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.