ABŞ, Almaniya, Böyük Britaniya, Fransa və İtaliya liderləri birgə bəyanat yayaraq HƏMAS-ın İsrailə hücumlarını pisləyib və İsrailə dəstəklərini bildiriblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliyanın Baş naziri Corcio Meloni, Böyük Britaniyanın Baş naziri Rişi Sunak və ABŞ prezidenti Cozef Bayden birgə bəyanatda HƏMAS-ın terror hərəkətlərinin heç bir əsası və legitimliyi olmadığını, pislənilməli olduğunu qeyd ediblər:

"Terrora haqq qazandırmaq olmaz. Son günlər dünya HƏMAS terrorçularının evlərində ailələri qətlə yetirmələrini, musiqi festivalında 200-dən çox gənci qətlə yetirmələrini, hazırda girovluqda olan yaşlı qadınları, uşaqları və bütün ailələri qaçırmalarını dəhşət içində seyr etdi.

Ölkələrimiz İsraili və xalqını bu cür vəhşiliklərdən qorumaq səylərini dəstəkləyəcək. Hazırda İsrailə düşmən olan hər hansı bir tərəfin bu hücumlardan öz maraqları üçün istifadə etməsinin vaxtı deyil . Biz hamımız Fələstin xalqının qanuni istəklərini tanıyırıq. Və həm israillilər, həm də fələstinlilər üçün ədalət və azadlıq naminə bərabər tədbirləri dəstəkləyirik. Amma Həmas bu istəkləri təmsil etmir".

 

Gözəl Həşimova