Qazaxın 4 kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı bu gün Azərbaycan sərhədçiləri tərəfindən tam nəzarətə götürülüb. Beləliklə, 44 günlük müharibə, ardınca Qarabağda suverenliyimizin bərpasından sonra Azərbaycan heç bir güzəşt etmədən işğal altında qalan torpaqların azad edilməsi istiqamətində növbəti qələbəni təmin etdi.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
4 kəndin azad edilməsinin siyasi-hərbi üstünlükləri də var:
1. Azərbaycan və Ermənistan sərhədinin ilk demarkasiyası həyata keçirildi: bu, Bakı və İrəvanın problemlərini ikitərəfli formatda həll etməsi presedentini yaradır;
2. Azərbaycanın Qazax-Tavuş istiqamətində hərbi-strateji mövqeləri gücləndi: Ermənistanın "güclü" adlandırdıqları şimal müdafiə xətti faktiki olaraq ləğv olundu;
3. Ermənistan-Gürcüstan magistral yolunun bir hissəsi Azərbaycanın nəzarətinə keçdi: alternativ yol inşa etmək məcburiyyətindədirlər;
Və ən mühüm məqam Azərbaycan Qarabağın azad edilməsindən sonra sərhəd istiqamətində işğalda olan ərazilərin azad edilməsinə nail olmasıdır. Bu, perspektivdə anklavların, həmçinin SSRİ dövründə ermənilərə bağışlanmış ərazilərimizin ən azı sərhəd boyunca yerləşən hissəsinin azad ediləcəyi gözləntisini də önə çıxarır.