Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti “Sağlamlaşdırma planına dair tələblər, onun icra müddətinin hesablanması, icrasına dair hesabatların forması və təqdim olunması Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, Qayda sığortaçının maliyyə vəziyyətinin pisləşməsi və kapital itkiləri ilə üzləşməsi halında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tətbiqi tələb edilən sağlamlaşdırma planına dair tələbləri, onun icra müddətinin hesablanması, icrasına dair hesabatların forması və təqdim olunması qaydasını müəyyən edir.

Sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğinin 90 faizinə qədər endikdə Palata sığortaçıdan sığortaçının maliyyə vəziyyətinin və itirilmiş kapitalının bərpası üçün tədbirləri və onların icra müddətlərini özündə əks etdirən sağlamlaşdırma planının təqdim edilməsini tələb edir. Plan sığortaçının məruz qaldığı risklərin həcmini və mürəkkəbliyini nəzərə alaraq sığortaçının fəaliyyətinə uyğun hazırlanır və sığortaçının Direktorlar Şurası tərəfindən təsdiq olunur. Planın strukturu iki hissədən ibarət olaraq tərtib edilir:

- sığortaçının maliyyə vəziyyətinin təhlili;

- sığortaçının maliyyə vəziyyətinin və itirilmiş kapitalının bərpası ilə bağlı tədbirlər.

Planda ən azı aşağıdakılar öz əksini tapır:

- sığortaçının maliyyə vəziyyətinin təhlili üzrə müəyyən edilmiş maliyyə göstəricilərinin cari vəziyyəti;

- Planın effektiv və vaxtında icrası üçün mövcud və proqnozlaşdırılan risklərin təsviri;

- sığortaçının əsas biznes istiqamətlərinin, əməliyyatlarının və aktivlərinin likvidliyinin  və dəyərinin müəyyən edilməsi prosesinin detallı təsviri;

- sığortaçının ödəmə qabiliyyətinin qorunması və ya maliyyə vəziyyətinin bərpa edilməsi üçün əlavə kapital və likvid vəsaitləri;

- sığortaçının kapitalının qorunması və artırılması istiqamətində həyata keçiriləcək tədbirləri;

- məcmu kapital və sığorta ehtiyatları üzrə normativ tələblərə dair planın reallaşdırılması ilə bağlı hər ayın sonuna gözlənilən nəticələrə dair hesablamaları;

- risklərin təsirlərinin müəyyən edilməsi və tənzimlənməsi tədbirləri;

- maliyyə vəziyyətinin bərpası üçün zərərlilik dərəcəsi yüksək olan sığorta sinifləri üzrə riskləri nəzərə alaraq bağlanılacaq yeni sığorta (təkrarsığorta) müqavilələrinin qiymətləndirilməsi;

- təkrarsığorta müqavilələri üzrə təkrarsığortaçıların və təkrarsığorta müqavilələrinin yenidən qiymətləndirilməsi;

- təhlillər nəticəsində sığortaçının maliyyə vəziyyətinin yaxşılaşdırılması və itirilmiş kapitalın bərpa olunması ilə əlaqədar həyata keçirilməsi nəzərdə tutulmuş tədbirləri;

- planlaşdırılan tədbirlərin həyata keçirilməsi müddəti və proqnozlaşdırılan göstəricilərin məbləği qeyd olunmaqla əldə ediləcək nəticələrə dair məlumatı.

Planla bağlı məlumatları ehtiva edən aşağıdakı sənədlər (sığortaçının idarəetmə orqanlarının (Direktorlar Şurası, İdarə Heyəti) qərarları, əmr və göstərişləri və digər təsdiqedici sənədlər) əlavə edilir:

- sığortaçının icra orqanının sığortaçının xərclərinin azaldılması, habelə sığortaçının filial və (və ya) nümayəndəliklərin fəaliyyətinin yenidən qiymətləndirilməsi ilə bağlı qərarlarını təsdiq edən sənədlər (əgər varsa);

- təkrarsığorta müqavilələri üzrə təkrarsığortaçıların və təkrarsığorta müqavilələrinin yenidən qiymətləndirilməsi ilə bağlı sığortaçının icra orqanının protokolunun təsdiq edilmiş surəti;

- təsisçilərin (iştirakçıların) və üçüncü şəxslərin sığortaçının nizamnamə kapitalına əlavə vəsait qoymaq, əlavə səhm  və qiymətli kağızlar emissiya etmək və ya maliyyə vəziyyətinin yaxşılaşdırılması tədbirləri üzrə digər maliyyə yardımlarının edilməsi niyyətini təsdiq edən protokollar (əgər varsa);

- qanunvericilikdə nəzərdə tutulan məcmu kapital və sığorta ehtiyatlarına dair normativ tələblərin icrasını təmin etmək üçün planlaşdırılan tədbirlər barədə sığortaçının icra orqanının qərarlarını təsdiq edən sənədlər;

- zərərlilik dərəcəsi yüksək olan sığorta sinifləri üzrə sığorta tariflərinin yenidən qiymətləndirilməsi və əsaslandırılması ilə bağlı aktuar rəyi;

- sığortaçı dividentlərinin verilməsinin dayandırılması ilə bağlı təsdiqedici sənədlər (əgər varsa);

- müəyyən edilmiş müddətdə konkret tədbirlərin həyata keçirilməsi üçün sığortaçının rəhbər şəxslərinin üzərinə vəzifənin qoyulması barədə Direktorlar Şurasının qərarı;

- sığortaçının xərclərinin tərkibini, sığortaçının işçilərinin sayını əks etdirən sənədlər;

- sığortaçının investisiya əməliyyatlarının, sığorta və digər fəaliyyətinin proqnozlaşdırılan qiymətləndirmələri (sığortaçının mənfəət və zərər hesabatı üzrə göstəricilərin proqnozu, sığortaçının aktiv və öhdəliklərinin tərkibi və strukturunun proqnozlaşdırılması);

- sığortaçının həyata keçirilməli olduğu tədbirlərin icrasına dair qərarlar və göstərişləri əks etdirən sənədlər.

Planın hazırlanması və icrası aşağıdakı müddətlərdə təmin edilir:

- sığortaçı Planın hazırlanmasına dair Palatanın yazılı tələbini aldıqdan sonra tələbdə göstərilən müddət ərzində Planın layihəsini hazırlayır və baxılması üçün yazılı surətdə Palataya təqdim edir. Planın hazırlanması və onun layihəsinin baxılması üçün təqdim olunması müddətinin son həddi 30 iş günündən çox ola bilməz;

- Palatanın Planın layihəsinə dair təklifləri olduqda, bu barədə 10 iş günü ərzində sığortaçıya yazılı bildiriş təqdim edir və Plana əlavə və (və ya) dəyişikliklərin edilməsini tələb edir;

- əlavə və (və ya) dəyişikliklərin edilməsi üçün sığortaçıya əlavə 5 iş günü verilir və həmin müddət ərzində sığortaçı layihəni yekunlaşdırıb təkrar yazılı surətdə Palataya təqdim edir;

- Palata Planın layihəsi ilə razı olduqda, bu barədə sığortaçıya 5 iş günü ərzində yazılı bildiriş göndərir. Plan Palata ilə razılaşdırıldıqdan sonra sığortaçı Planın icrasına başlayır.

Planının icra müddəti aşağıdakı hallar nəzərə alınaraq müəyyən olunur:

- Plan üzrə tədbirlərin icra müddəti 6 aydan çox olmamaqla sığortaçının məcmu kapitalı tələb olunan kapitalına bərabər olanadək müəyyən edilir;

- sığortaçının kapital tələbi təmin edildikdən sonra növbəti 6 ay ərzində kapital yetərsizliyi olmadıqda Plan icra edilmiş hesab olunur.

Planın icrasına dair hesabatlar artan yekunla həftəlik və aylıq dövrilikdə Palataya təqdim olunur.