Qlobal enerji tələbatının 2050-ci ildə gündəlik 374,1 milyon barel neft ekvivalentinə çatacağı proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə təxminən 24 faiz artım deməkdir.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 2050-ci ilə qədər qlobal enerji perspektivinə dair orta və uzunmüddətli proqnozlarını özündə əks etdirən “World Oil Outlook” hesabatında dərc olunub.
Hesabata görə, qlobal enerji tələbatı əhali artımı və iqtisadi inkişaf səbəbindən güclü şəkildə artmaqda davam edir. Keçən il qlobal enerji tələbatı 2022-ci ilə nisbətən təxminən 1,6 faiz artıb. Bu artım əsasən Çin, Hindistan və Yaxın Şərq kimi inkişaf etməkdə olan regionlarda müşahidə edilib.
Ən böyük artımın külək və günəş enerjisində olacağı proqnozlaşdırılır. Bu dövrdə ikinci ən böyük artımın təbii qazdan olacağı təxmin edilir.
Təbii qaza tələbatın ötən illə müqayisədə gündəlik 20,5 milyon barel neft ekvivalentində artaraq 2050-ci ildə 89,6 milyon barelə çatacağı proqnozlaşdırılır. Hesabata görə, bu artım karbon emissiyalarını azaltmaq istəyən bir çox ölkələrin təbii qaza üstünlük verməsi və enerji qarışığında kömürün rolunun olması ilə bağlıdır.
Digər tərəfdən, kömürə olan tələbatın gündəlik 28,9 milyon barel neft ekvivalentdə azalacağı proqnozlaşdırılır. Bildirilir ki, bu azalma bir çox bölgələrdə kömürlə işləyən istilik elektrik stansiyalarının bağlanmasına və yeni elektrik stansiyalarının məhdudlaşdırılmasına yönəlmiş sərt enerji siyasətləri nəticəsində baş verəcək.
Hesabata görə, enerji qarışığında böyük dəyişikliklərin gözlənildiyi bu dövrdə neft və təbii qaz qlobal enerji təchizatı üçün əhəmiyyətini saxlamaqda davam edəcək. Neft və təbii qazın enerji kompleksində payı 2050-ci ilə qədər 53 faizdən yuxarı qalacaq.
Müvafiq olaraq, 2050-ci ildə qlobal enerji tələbatında ən böyük payı 29,3 faizlə neft, 24 faiz ilə təbii qaz və 14 faiz ilə digər bərpa olunan mənbələr tutacaq. Kömür 13,1 faiz, nüvə enerjisi 6,5 faiz, su elektrik enerjisi isə 3,1 faiz paya malik olacaq.
Gözəl Həşimova