2022-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı müstəqillik illərində ilk dəfə olaraq 3 milyard dollara çatıb. Qeyri-neft ixracı 2021-ci il ilə müqayisədə 10,3 % artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib.

İqtisadçı bildirir ki, qeyri-neft ixracatının artması bir tərəfdən neftdən kənar sektorlarda istehsalın genişlənməsi, digər tərəfdən isə idxalçı ölkələrdə inflyasiya səviyyəsinin artması ilə bağlıdır:

“2022-ci ilin ilkin statistik gözlətilərinə əsasən, ÜDM orta hesabla 4.8 faiz artsa da, qeyri-neft iqtisadiyyatı 9.0 faizdən çox böyüyüb. Bu isə ondan xəbər verir ki, enerjidən kənar sektor 2022-ci ildə ÜDM-in formalaşmasında xüsusi paya malik olub. Belə ki, ötən ilin ilk 10 ayında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,4 faiz azalıb. Nəticədə qeyri-enerji sektorunun 2022-ci ildə yaradılan dəyərdə çəkisi artıb.

2022-ci ildə ən çox artım kimya sənayesi məhsullarının ixracında müşahidə olunub: 57,7 %. Qara metallar və onlardan hazırlanan məmulatların ixracı 17,5%, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,4%, çay ixracı isə 35,6% artıb. Ümumi qeyri-neft ixracatının təxminən 1/3-ni aqrar və aqrar sənaye məhsulları təşkil edib: 912,4 milyon dollar.”

Deputat bildirir ki, qeyri-neft ixracatının artması iqtisadiyyatın şaxələndirilməsi baxımdan çox vacibdir. İxrac ölkəyə daxil olan valyutanın həcmini müəyyənləşdirir. Bu baxımdan, enerji sektorundan kənar sahələrin ixracatının artırılması prioritet olaraq qalmaqdadır.