İqtisadiyyat.az-ın məlumatına görə, Vergi məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 2019-cu ilin yanvar ayının 1-dən etibarən sadələşdirilmiş vergi dərəcəsi bütün ölkə ərazisində 2 faizə endirilmişdir. Bununla yanaşı pərakəndə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləriləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin (vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə apanlan ödənişlər istisna olmaqla) ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

Dəyişikliyi misalla izah edək.
2019-cu ilin birinci rübündə Bakıda ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyicinin 50 000 manat dövriyyəsi olmuşdur. Dövriyyənin 20 000 manatı (o cümlədən 5 000 manat vergi orqanında uçotda olan şəxslər tərəfindən) POS-terminal vasitəsilə aparılan ödənişlər hesabına formalaşmışdır. Göstərilən halda büdcəyə ödəniləcək sadələşdirilmiş vergi aşağıdakı qaydada hesablanacaq.
Güzəştləri nəzərə almadan ümumi dövriyyə üçün sadələşmiş vergini hesablayırıq. 50 000X 2 %=1 000 manat
POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi dövriyyədə payı=(20 000 -5 000) / 50 000= 0.30 X100 %=30 %
POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlər üzrə vergi güzəştinin məbləği=1 000 X 30 %X25%= 75 manat
Büdcəyə ödənilməli olan sadələşdirilmiş verginin məbləği= 1 000 manat-75 manat=925 manat
Dəyişikliklərdən əvvəlki vergi dərəcəsi üzrə Bakıda eyni dövriyyə üzrə 2 000 manat (50 000 X 4 %) sadələşdirilmiş vergi hesablanmalıydı.fins.az