Azərbaycanda 3 iri maliyyə təşkilatının səhmdarı olan "Yevro Standart" MMC şirkəti nizamnamə kapitalını azaltdığını elan edir.

İqtisadiyyat.az şirkətin elanına istinadən xəbər verir ki, kreditorlar 1(bir) ay müddətində AZ1095, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev 153 ünvanına müraciət edə bilərlər.

Qeyd edək ki, ASC "Xalq" Bankının nizamnamə kapitalının 33.85% -i, "Bank Avrasiya" ASC-nin nizamnamə kapitalının 37,50%-i və "Xalq Sığorta" ASC-nin nizamnamə kapitalının 50%-i "Yevro Standart" şirkətinə məxsusdur.

"Yevro Standart" MMC şirkəti "PAŞA Holdiq" ilə eyni ünvanda fəaliyyət göstərir. Qanunvericiliyə görə, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə həyata keçirilə bilər. Bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nisbəti saxlanılmaqla həyata keçirilir. Cəmiyyətin nizamnamə kapitalının azaldılması cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir.

Nizamnamə kapitalının azaldılması haqqında ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya cəmiyyətin ümumi yığıncağının qərarında müəyyən edilmiş müddətdə cəmiyyət özünün bütün kreditorlarına bu barədə yazılı məlumat göndərməlidir. Məlumat alındığı gündən bir ay müddətində cəmiyyətin kreditorlarının cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini və ya xitamını, düşdükləri zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.