İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövləti Xidməti “Bakı Mərmər Qranit” MMC-nin dövlətə məxsus paylarının satışı ilə bağlı elan edilmiş investisiya müsabiqəsinə yekun vurub.

İqtisadiyyat.az xəbər verir ki, müsabiqə komissiyası tərəfindən iddiaçıların təqdim etdiyi təkliflər qiymətləndirilib.

Daha əlverişli şərtlər təklif edən “Omax Sənaye Qrupu” MMC investisiya müsabiqəsinin qalibi elan olunub və müsabiqənin qalibi ilə alqı-satqı müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, investor dövlət büdcəsinə 10 milyon manat məbləğində vəsaitin köçürülməsi və 2 il ərzində müəssisədə 10 milyon 500 min manat həcmində İnvestisiya Proqramının icrasını təmin edəcəkdir. Proqram çərçivəsində mövcud bina və tikililərin təmiri, mərmər-qranit avadanlıqlarının (onların elektron idarəetmə sistemləri daxil olmaqla) təmiri və ya yenilənməsi, polad boru və profillərin, müxtəlif güclərdə hava kompressorlarının, təzyiqli avtoyuma avadanlıqlarının, istixana komplekslərinin metal konstruksiyalarının istehsalı xəttinin qurulması, habelə bəzi digər istiqamətlərə investisiya qoyuluşlarının həyata keçirilməsi nəzərdə tutulur. 

İnvestisiya Proqramının icrası müəssisədə ən azı 100 yeni iş yerinin açılmasına imkan yaradacaq. 

Qeyd edək ki, “Omax Sənaye Qrupu” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 100 manatdır. MMC-nin qanuni təmsilçisi Məmmədov Muxtər Bilal oğludur. Şirkət tikinti metal konstruksiyaların və açar təslim istixanaların istehsalı fəaliyyətləri ilə məşğuldur. “Bakı Mərmər Qranit” MMC isə 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 17 059 000 manat, qanuni təmsilçisi Ramil Vəli oğlu Əliyevdir.