İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsilin İnkişafı Fondu və ABŞ-nin "Coursera" şirkətinin birgə həyata keçirdiyi "4Sİ Akademiyası"nın pilot mərhələsi yekunlaşıb.

İqtisadiyyat.az nazirliyə istinadən xəbər verir ki, qeydiyyatdan keçmiş 10 min nəfər 1 il ərzində mərhələli şəkildə “Coursera” onlayn təhsil platformasından ödənişsiz yararlanmaq imkanı əldə edib. İştirakçılar 32 mindən çox kursa qatılıblar, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4 mindən çox beynəlxalq sertifikat əldə edib.

Layihənin məqsədi ölkədə rəqəmsal bacarıqların inkişafı, qabaqcıl texnologiyalar sahəsində biliklərin artırılması, əmək bazarında ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Təqdim edilən kurslar 4-cü sənaye inqilabı, rəqəmsal transformasiya, karyera və dil biliklərinə hazırlıq kimi kateqoriyalara bölünür. İstifadəçilərə Yel, Dyuk, Miçiqan, London, İllinois, Virciniya kimi 40 universitet və “Microsoft”, “IBM”, “Meta” və “Google” kimi şirkətlərin 800-ə yaxın kursundan yararlanmaq təklif edilib. Kursların umumi müddəti 4-6 həftə olmaqla, video mühazirələr, tapşırıqlar və testlərdən ibarətdir.

“Coursera”dan ödənişsiz yararlanmaq istəyənlər üçün yaş və digər məhdudiyyətlər qoyulmayıb. Həyat boyu öyrənmənin təminatı layihənin məqsədlərindən biridir. Kursları uğurla başa vuran iştirakçılar “Coursera”nın beynəlxalq səviyyədə tanınan sertifikatlarını əldə edirlər. “4Sİ Akademiyası” istifadəçilərinin ən çox müraciət etdiyi kurs "DeepLearning.AI" tərəfindən təklif olunan "Hamı üçün süni intellekt" (3,5 min istifadəçi) proqramı olub. IBM şirkətinin "Data elmi nədir?" və Nyu-York Dövlət Universitetinin "Blokçeynin əsasları" kurslarının hər birindən 3 min nəfər yararlanıb.

Layihənin milli proqram şəklində davam etdirilməsi nəzərdə tutulub.