Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində APOEL-lə qarşılaşacaq “Qarabağ” mərhələ adlayacağı halda maddi tərəfdən də yüksək qazanc əldə edəcək.

Qol.az-ın məlumatına görə, UEFA-nın açıqladığı 2019/20 mövsümü üçün hesabatında qeyd edilir ki, ÇL-də pley-offa yüksələn komanda ən azı 5 milyon avro gəlir əldə edəcək. Bu məbləğ komanda pley-off-da uduzacağı halda kluba ödəniləcək. ÇL-də qrupa yüksələcəyi təqdirdə isə “Qarabağ” daxil bu mərhələnin bütün 32 iştirakçısına 15,25 milyon (üstəgəl əlavə bonuslar) veriləcək. Deməli, “Qarabağ” mərhələni keçsə, təkcə özünün və ölkəmizin reytinq xalını yüksəltməyəcək, həm də maddi gəlirini artırmış olacaq.

 Yox, əgər “Qarabağ” APOEL səddini adlaya bilməyib, Avropa Liqasının pley-off-una düşsə, o halda həmin mərhələyə qədərki gəliri xeyli azalacaq. Bu zaman “Qarabağ”ın UEFA-dan alacağı mükafatın məbləği 1 milyon 140 min avro təşkil edəcək (birinci mərhələ üçün 280 min, ikinci mərhələ üçün 380 min, üçüncü mərhələdə iştirak üçün 480 min avro) .
 
Qeyd edək ki, bu mövsüm Avropa Liqasının qrupunda oynayacaq 48 komanda üçün isə 2,92 milyon avro mükafat nəzərdə tutulub.
  
Xatırladaq ki, “Qarabağ” – APOEL oyunu bu gün saat 20.30-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Bu komandaların Kiprdə keçirilən ilk matçında Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib.