Müflis elan edilən “Lider TV və Radio-Azərbaycan” MMC-nin borcu açıqlanıb.
“Lider TV”nin nümayəndəsi, vəkil Adəm Məmmədov bildirib ki, MMC-nin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinə 691 min manat borcu var:
“Lider TV və Radio-Azərbaycan” MMC-nin balansında olan təkcə daşınmaz əmlakın - torpaq sahəsinin dəyəri təxminən 4 milyon manatdır. Bu əmlakdan əldə olunan vəsaitlə kreditorların borc tələbi tam ödənilir. Amma Ali Məhkəmə düzgün qərar çıxarmadı”.
Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə çıxarıb.
Qətnamədən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməyib.
“Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində "Lider TV" (1 sentyabr 2000-ci ildən), həmçinin "Radio Lider" fəaliyyət göstərir.report