InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. İqtisadiyyat.az həmin məlumatı təqdim edir:
EUR
Amerika iqtisadiyyatına dair fundamental göstəricilərin zəif açıqlanması, foreks bazarlarında dollarda ucuzlaşma proqnozlarını da gücləndirib. EUR/USD məzənnəsi də 1.1230$-ın üzərində ticarət edilməkdədir və 1.1246$-ı yuxarı istiqamətdə qırarsa, 1.1331$-a kimi də bahalaşa bilər.
Bununla yanaşı, bazar ertəsi Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq Avrozonanın inflyasiyası və cümə günü saat 16:30-da yayımlanacaq Amerikanın əmək bazarına dair önəmli statistik göstəricilər də investorların diqqət mərkəzindədir.
GBP
Böyük Britaniyada Breksit risklərinin mövcudluğu funta olan tələbin məhdud qalmasına səbəb olur. Lakin dollarda müşahidə edilə biləcək ucuzlaşma, özünü funtun qiymətlərində də göstərə bilər. Dünya birjalarında 1.3030$-ın üzərində təklif edilən GBP/USD məzənnəsi, 1.3075$-ı yuxarı istiqamətdə qırarsa, 1.3198$-a kimi də bahalaşa bilər.
TRY
Türkiyə valyuta birjalarında isə dolların qiyməti 5.60TL-yə ticarət edilir və 5.62TL-ni yuxarı istiqamətdə qırarsa, 5.73 və 5.84TL-yə kimi də bahalaşa bilər.
Türkiyədən çərşənbə günü saat 11:00-da dərc ediləcək inflyasiya ilə bağlı önəmli statistik göstəricilər də böyük maraqla gözlənilməkdədir.
OIL
Avropanın Brent markalı neftinin qiyməti 68$-ın üzərində dalğalanmaqdadır və 69$-a kimi də dəyər qazana bilər.
Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.
GOLD
Dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma müşahidə edilərsə, bu, əlvan metallar bazarlarında qızıl qiymətlərinin də dəyər qazanmasına səbəb ola bilər. 1290$-ın (41.5 $/qram) üzərində ticarət edilən qızılın bir unsiya üzrə qiyməti 1296$-ı (41.7 $/qram) yuxarı istiqamətdə qırarsa, 1303$-a (41.9 $/qram) kimi də dəyər qazanacağı proqnozlaşdırılır.