“Global Leasing” QSC nizamnamə kapitalını 160 min manat və yaxud 81 dəfə artıraraq 2 min manatdan 162 min manata çatdırıb. 

Bu barədə “Report”a şirkətin direktoru Elvin Yolçiyev məlumat verib. 

Onun sözlərinə görə, kapital artımı üçün “Global Leasing”in dövriyyədə olan 1 000 ədəd səhminin nominal dəyəri 2 manatdan 162 manata qaldırılıb. 

“Bu da son deyil. İlin sonuna qədər nizamnamə kapitalını təxminən 700 min manata çatdırmaqla bağlı planımız var. Çünki, lizinq portfelini genişləndirməyi düşünürük”, - direktor qeyd edib. 

Xatırladaq ki, “Global Leasing” 2018-ci ildə yaradılıb. Səhmdar cəmiyyəti əsasən kənd təsərrüfatı sahəsində maliyyələşdirmə ilə məşğuldur.