"Kanal 13" adlı “YouTube” kanalının təsisçisi Əziz Orucova xəbərdarlıq olunub.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Milli Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunlarının tələbləri pozularaq sentyabrın 13-də "Kanal 13" adlı “YouTube” kanalında təsisçi Əziz Orucov tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirən, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan videolar yerləşdirilib.
Əziz Orucova sentyabrın 15-də “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan olunub.
Xəbərdarlıq olunduqdan sonra həmin informasiyalar kanaldan götürülüb.