Logo

Universitet məzunu çoxdur, kadr yoxdur - "Ali təhsil haqqında" qanun nələri dəyişəcək?


Növbəti parlament seçkilərinə qədər "Ali təhsil haqqında" qanun layihəsinin qəbul olunacağı nəzərdə tutulub. Layihənin parlamentin payız sesiyasında müzakirəyə çıxarılacağı açıqlanıb. Məlumata görə, əsas məsələlərdən biri universitetlərin istehsalata inteqrasiyası olacaq. 

Bəs bu qanun daha nələri özündə birləşdirəcək? Universitetlərin istehsalata inteqrasiyası dünya təcrübəsində necə aparılır?

Mövzu ilə əlaqəli öz fikirlərini “Yeni Sabah”a bildirən təhsil eksperti Kamran Əsədov bu qanuna ciddi ehtiyac olduğunu deyib:

“Azərbaycan müstəqillik əldə etdikdən sonra, təhsil haqqında qanunun qəbulu çox gecikdi, yəni 2009-cu ildə qəbul olundu. Bu "Ümumi təhsil haqqında" qanun idi. Amma təhsilin müxtəlif pillələri haqqında ayrıca qanun layihəsinə ciddi ehtiyac var idi. Bunlara "Məktəbəqədər təhsil haqqında" qanun, "Peşə təhsili haqqında" qanun və yekunda "Ali təhsil haqqında" qanun aiddir. Əvvəl qeyd etdiyimiz pillələr haqqında qanun layihəsi qəbul edildi. "Ali təhsil haqqında" qanuna da çox ciddi ehtiyac var. Ali təhsilin idarə olunması, vəzifələri, hüquqları və s. - bunlar hamısı ümumi əsasda qanunvericilikdə göstərilib. Eyni zamanda, idarə etməsinin demokratikliyindən tutmuş, prinsipial məsələlərdə belə çox ciddi boşluqlar var. Təhsil sənədlərinin verilməsi, təhsil sənədlərinin müddəti kimi məsələləri bu qanun tənzimləməlidir".

Ekspert bildirib ki, hazırda Azərbaycanın ali təhsil müəssisələri dünya standartlarına, eyni zamanda ölkənin əmək bazarının tələblərinə cavab vermir:

"Ona görə ki,vahid qanunvericilik yoxdur və hər  biri ayrıca fəaliyyət göstərir. Məhz ona görədir ki, Azərbaycan universitetləri dünya reytinqində yoxdur. Onların maddi-texniki bazası dövrün tələblərinə cavab vermir. Konkret rəqəmlərə baxaq: bu gün ölkəmizdə 164 min tələbə təhsil alır, 4 ildən sonra onların yalnız 42%-i işlə təmin oluna bilir. Qalanlar isə qeyri-ixtisas sahələrində işləyirlər və yaxud da işsiz qalırlar. Çünki onlar istehsalatın və ya əmək bazarının tələblərinə uyğun kadr hazırlaya bilmirlər.

Bizdə elə ixtisaslar var ki, onlar ölü ixtisaslardır. Elə kafedralar var ki, mənasız yerə bölüşdürüblər. Bu dediyim hallar bütün universitetlərdə var. Təsəvvür edin ki, dünya artıq nanotexnologiyaya keçib. Biz hələ yarımkeçiricilərdən danşırıq. Universitetlər bu əlavə, mənasız fakültələrlə, ixtisaslarla öz xərclərini artırırlar. Düşünün ki, universitetlərdə iki tarix kafedrası var. Biri təbiət, biri humanitar ixtisaslar üzrə. Bu nəyə lazımdır axı? Ona görə də bu qanuna çox ehtiyac var”.

K.Əsədov ölkədəki kadr çatışmazlığının da səbəbini "Ali təhsil haqqında" qanunun olmaması ilə əlaqələndirib:

“Onlar hazırladıqları kadrların əmək bazarında onlara ehtiyac olub-olmadığı bilməlidirlər. Çox uzağa getmədən belə bir misal gətirim. Türkiyədə 3 qurum yanaşı oturur. Yəni, Əmək və Sosial Müdafiə Nazirliyi, Təhsil Nazirliyi və universitet. Sosial Müdafiə Nazirliyi sifariş verir ki, mənə bu bilik və bacarıqlara malik kadr hazırla, Təhsil Nazirliyi də bunun planını hazırlayır və universitetlərə göndərir ki, siz buna uyğun kadr hazırlaya bilərsiz, ya yox. Hansı universitet bu kadrları hazırlaya bilirsə, dövlət plan yerlərini onlara ayırır. Bizdə isə bütün  universitetlər eyni ixtisaslardan kadr hazırlayırlar. Universitetin istiqamətinə uyğun olmasa da, kadr hazırlayır. Buna nə ehtiyac var? Hazırlamaq deyəndə ki, qəbul aparırlar, amma hazırlaya bilmirlər. Ona görə də ilk öncə əmək bazarı dəyərləndirilməlidir, daha sonra ehtiyac olan sahələr üzrə kadr hazırlanmalıdır”.

Təhsil,
06.09.2019 14:08 40
Teqlər: İqtisadiyyat.Az, təhsil,