Logo

Sürücülərin NƏZƏRİNƏ! Nazirlik avtomobillər üçün bu enerji növünü tövsiyə edir


Hazırda paytaxtda havanın çirklənməsinin 70%-dən çoxu nəqliyyatın payına düşür.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərov deyib.

Onun sözlərinə görə, atmosfer havası ilə bağlı aparılan monitorinqlər göstərir ki, isti yay günlərində küləksiz, yüksək temperatur olan dövrlərdə atmosfer havasının çirklənməsi daha intensiv xarakter alır.

Nazirlik rəsmisi qeyd edib ki, iri sənaye müəssisələrinin cəmləşməsi, insanların sıx məskunlaşması da havanı çirkləndirən əsas amillərdəndir. Atmosfer havasının keyfiyyətinə təsir edən digər səbəblər isə təsərrüfat fəaliyyəti zamanı ekoloji norma və standartlara düzgün riayət edilməməsidir.

M.Qənbərov hesab edir ki, atmosferə atılan tullantıların böyük bir hissəsi nəqliyyat vasitələrinin payına düşdüyü üçün bu sahə üzrə daha mütərəqqi metodların tətbiqi, təbiətə dost nəqliyyat vasitələrinin təşviqi təmin edilməli, elektromobillərin, hibrid nəqliyyat vasitələrinin, havanı daha az çirkləndirən sıxılmış qazla işləyən avtomobillərin sayı artırılmalı, dizel yanacağı ilə işləyən nəqliyyat vasitələri minimuma endirilməli, mühərriki kiçik həcmli avtomobillərə üstünlük verilməlidir: "Nəzərə alsaq ki, 2021-ci ildə ölkədə istehsal olunan yanacaq AVRO-5 standartına uyğunlaşdırılacaq ki, bu da nəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin azalmasına şərait yaradacaq".

Avto,
29.08.2019 14:21 71
Teqlər: İqtisadiyyat, avto, avtomobil, ekologiya, nazirlik, təbii, sərvətlər, maşın, hava, çirklənmə, təmiz, qaz, sıxılmış, sürücü,