Logo

Bu il Füzulidə 1600 tondan çox pambıq istehsalı gözlənilir


Füzuli rayonunun pambıq tarlalarında son becərmə işlərinin aparılması ilə yanaşı, məhsul yığımına hazırlıq da görülür.

Rayon icra hakimiyyətindən bildiriblər ki, bu il 800 hektar sahədə çiyid səpini həyata keçirilib. Pambiq əkinlərinin 500 hektarı “P-Aqro”MMC, 300 hektarı isə “Azərpambıq” MMC ilə müqavilə əsasında becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib.

Artıq sahələrdə becərmə işləri başa çatmaq üzrədir. Min bir zəhmət bahasına bol məhsul yetişdirən pambıqçılar hazırda onun vaxtında və itkisiz yığılmasına hazırlıq işləri görürlər. Rayonda pambıq yığımına 1500 nəfərə yaxın işçi qüvvəsi, həmçinin 10 ədəd pambıqyığan kombayn cəlb ediləcək. Bütün texnikalar, o cümlədən, traktor və qoşqular pambıq yığımı üçün hazır vəziyyətə gətirilib. Yaxın günlərdə yığım başlanacaq. Mütəxəssislərin ilkin hesablamalarına görə, bu il Füzulidə 1600 tondan çox “ağ qızıl” istehsalı gözlənilir.(azərtac)

Aqrar,
26.08.2019 19:00 36
Teqlər: yığım, məhsul, istehsal, pambıq, aqrar, İqtisadiyyat, artım, icra, hakimiyyət,