Logo

İran gündəlik neft hasilatını 280 min barel artırır


Yeni neft layihələrinin icrası ilə İranın neft istehsalına gündəlik təxminən 280 min barel əlavə olunacaq.

Bunu İranın Milli Neft Şirkətinin istehsala dəstək və məhsul təminatı idarəsinin direktoru Ramin Qələmbər Dezfuli deyib.

Bu barədə Trend Tehran Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının informasiya portalına (tccim) istinadən məlumat verir.

R.Qələmbər Dezfulinin sözlərinə görə, İranın neft yataqlarının hasilatını artırmaq və hasilatı qoruyub saxlamaq üzrə 33 iş paketi nəzərdə tutulub.

Qələmbər Dezfuli əlavə edib ki, indiyədək 10 layihə ilə əlaqədar özəl sektorla müqavilə imzalanıb və 10 müqavilənin də imzalanması gündəmdədir: “Hökumətin İqtisad Şurasının qərarına əsasən, bu layihələrin dəyəri 6,2 milyard dollar təyin olunub və bütün layihələr yerli podratçılara veriləcək”.

Şirkət rəsmisi deyib ki, bu layihələrin icrasına nəzərdə tutulan büdcə isə qiymətli kağızların satılması ilə təmin olunacaq və bu kağızların satışına ötən ildən başlanıb.

Qələmbər Dezfuli bildirib ki, bu layihələrdəki avadanlıqların minimum 70%-i ölkə daxili istehsalla təmin olunacaq.

Dünya,
21.08.2019 12:28 58
Teqlər: gündəlik, neft, hasilat, sənaye, dünya, İqtisadiyyat, İran, artım,