Logo

Nazir müavini: “Aqrar sığorta haqlarının müəyyən qismi dövlət tərəfindən qarşılanacaq”


“Yeni aqrar sığorta mexanizmi kənd təsərrüfatı istehsalçılarının, yəni fermerlərin bu sahədə yaşadıqları risklərin qarşılanması, investisiya cəlbediciliyinin artırılması və dövlət vəsaitinin, eyni zamanda aqrar sığortalıların, fermerlərin ödədikləri vəsaitin səmərəli istifadəsini nəzərdə tutur”.

İqtisadiyyat.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib. Onun sözlərinə görə, yeni aqrar sığorta mexanizmində bir sıra yeniliklər nəzərdə tutulub: “Aqrar Sığorta Fondu fermerlərin bütün irad və təkliflərini dinləyəcək qurum olmaqla yanaşı, dövlət vəsaitinin səmərəli istifadəsinə və bu mexanizmin işlək vəziyyətdə olmasına nəzarət edəcək. Bu sahədə investisiya cəlbediciliyinin artırılması ilə bağlı dövlət-özəl tərəfdaşlığı nəzərdə tutulub. Fərmana əsasən, aqrar sığortanın tətbiqini həyata keçirəcək qurum formalaşdırılacaq. Bu, ölkədə fəaliyyət göstərən bütün sığortaçıların bərabər payları ilə iştirak edə biləcəyi bir qurum olacaq. Bu qurum aqrar sığorta üzrə formalaşdırılacaq məhsulların fermerlərə çatdırılmasını həyata keçirəcək, fermerlərin aqrar sığorta xidmətləri ala bilməsini təmin edəcək. Təbii ki, müştərək sığorta mexanizmində eyni zamanda dövlət vəsaitinin aqrar sığortada istifadəsi də nəzərdə tutulub. Yəni aqrar sığorta haqlarının müəyyən qismi fermerlər, müəyyən qismi isə dövlət tərəfindən qarşılanacaq. Yeni qanunla aqrar sığorta risklərinin və aqrar sığorta predmetinin əhatə dairəsi genişləndirilib. Artıq sadəcə bitkiçilik məhsulları üzrə deyil, bütün kənd təsərrüfatı məhsulları üzrə sığorta mexanizmi işlənmiş olacaq".

Nazir müavini deyib ki, növbəti illərdə işlək sığorta mexanizmi vasitəsi ilə fermerlərin bütün riskləri qarşılanacaq: "Aqrar sığorta risklərinin əhatə dairəsi genişləndirilib. Sadəcə təbii fəlakətlər, yəni sel, yanğın deyil, eyni zamanda üçüncü şəxslərin hərəkətləri, heyvandarlıq, bitkiçilik sahəsində yayılan zərərvericilər də sığorta mexanizminin risklərinin tərkibində ehtiva edilmiş olacaq. Nəticədə kənd təsərrüfatı istehsalının davamlılığında böyük bir amil olan sığorta mexanizmi onlara öz köməyini göstərmiş olacaq”.

Qeyd edək ki, prezident İlham Əliyev ötən gün “Aqrar sığorta haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə fərman imzalayıb. Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Sığorta,
20.08.2019 17:12 78
Teqlər: İqtisadiyyat, sığorta, aqrar, kənd, təsərrüfat, nazirlik, nazir, müavin, açıqlama,